İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait
yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində
istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür
tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi,
iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir.
Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş «İstehlakçıların maraqlarını
müdafiə etmək üçün rəhbər prinsiplər» əsasında işlənmiş və Azərbaycan Respublikasında
belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar:
istehlakçı: şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə
edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan
şəxs;
istehsalçı: mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı
olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar;
icraçı: iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar;
satıcı: alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə, idarə, təşkilat və ya
sahibkar;
normativ sənəd: malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri
müəyyənləşdirən dövlət standartları, farmakoloji, sanitariya və tikinti normaları,
qaydaları və digər sənədlər;
qüsur: malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə,
yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət)
haqqında verdiyi məlumata uyğunsuzluğu;
mühüm qüsur: maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq
surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı
üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt
məsrəfi tələb edən malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa
şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur;
uyğunluq sertifikatı (sertifikat): sertifikatlaşdırma sisteminin qaydaları üzrə
sertifikatlaşdırılmış məhsulun müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq
etmək üçün verilmiş sənəd;
uyğunluq nişanı: məhsulun, prosesin, yaxud xidmətin təsdiq edilmiş tələblərə
uyğunluğunu göstərən, sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və
tətbiq edilən, müəyyən olunmuş qaydada qeydiyyata alınan nişandır;
malın (işin, xidmətin) təhlükəsizliyi: maldan (işin, xidmətin nəticələrindən)
istifadə edilməsinin, onun saxlanmasının, daşınmasının, işlədilməsinin adi
şəraitində və ya işin görülməsi (xidmət göstərilməsi) prosesində istehlakçının
həyatına, sağlamlığına, əmlakına, habelə ətraf mühitə zərər vurulmasının istisna
olunması;
zəmanət müddəti: müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət
öhdəliklərinin qüvvədə olduğu müddət.
nəzarət markası — audiovizual əsərin, fonoqramın, kompüter proqramının,
məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik və əlaqəli hüquq
obyektlərinin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə
hazırlandığını (istehsal olunduğunu), həmçinin satışı üçün müvafiq dövlət
orqanından razılığın alınması tələb olunan malların, məmulatların və məlumat
materiallarının satışına belə razılığın verilməsini təsdiq edən və həmin nüsxələri
yaymaq hüququ verən, nüsxələrə yapışdırılan hərf-rəqəm kodu və holoqrafik
müdafiə vasitəsi olan və birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli
xüsusi nişan.
Maddə 2. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və bu
qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyənləşdirilmiş qaydalar bu
Qanunda nəzərdə tutulanlardan fərqli olarsa, beynəlxalq müqavilələrin qaydaları tətbiq
edilir.
II fəsil. İstehlakçıların hüquqları
Maddə 3. İstehlakçıların hüquqları
Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:
malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının
sərbəst seçilməsinə;
istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və
düzgün məlumat əldə etməyə;
qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə,
insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin)
vurduğu zərərin ödənilməsinə;
öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət
orqanlarına və məhkəməyə müraciət etməyə;
ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
Maddə 4. Zəmanətli istehlak səviyyəsi
Zəmanətli istehlak səviyyəsi aşağıdakı formalarda təmin edilir:
hər bir istehlakçının azad şəkildə mal almasına zəmanət olmadığı hallarda,
malların normalaşdırılmış formada bölünməsinin tətbiqi ilə;
vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə.
Maddə 5. İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə
olmasına hüququ
1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş
xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və
həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi
məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
2. İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin
təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir.
Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.
3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə
şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi
məlumata uyğun olan mal verməlidir.
Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi
keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.
4. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə
əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə
müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat
verməlidir.
İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və
xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə
təchizini bütün istehsal müddəti ərzində mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra
isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində
təmin etməlidir.
Maddə 6. Zəmanət öhdəlikləri
1. İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların
qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı
hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və
istifadəsini) təmin edir.
Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə
ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az
olmamalıdır.
2. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında
(yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir.
Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə
təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin,
kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya
onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir.
Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir.
Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa,
malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən
hesablanır.
3. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş
mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə
tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş
müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.
4. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə
olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan
qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti
dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
Maddə 7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində
aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya
istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
lazımi keyfiyyətli mala dəyişdirməyi;
satış qiymətini uyğun məbləğdə azaltmağı;
malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan
qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya
üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri
yenidən hesablanma şərti ilə əvəz edilməsini;
müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu
maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə
borcludur.
İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və
dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata
keçirilir.
3. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət
olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və
ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki
ay müddətində ödənilməlidir.
Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı
(istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci
abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.
4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala
dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.
Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli
və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı
vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.
Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni
dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə
malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.
5. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq
müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya
malın dəyərinin məbləğini qaytarmalıdır.
Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada
aparılır.
6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14
gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır.
İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir
edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar
mal verməlidir.
Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi
müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı
(icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər
gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.
7. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə
isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.
Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd
verməlidir.
İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların
bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.
8. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi
xərcləri ödəməlidir.
9. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış
mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının
hesabına ödənilir.
10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın
qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü
şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə,
istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır.
İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə
iştirak etmək hüququna malikdir.
Maddə 8. İş görülməsi və xidmət göstərilməsi üçün müqavilə
bağlanmasında icraçının vəzifələri
Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən,
yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla)
istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif
etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat
fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin
edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o,
işlərin yerinə yetirilməməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən
ziyanın əvəzini ödəməyə borcludur.
Maddə 9. İş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin
şərtləri pozularkən istehlakçıların hüquqları
1. İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında
başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə,
istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ
vardır.
2. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda,
yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün
icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə,
müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının
hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
3. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə
(xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq göstərilən
qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və
ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin
ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək
hüququ var.
4. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən
əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının
istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından
hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək
hüququ vardır.
5. Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan
qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin
(xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya
xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir
faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa
məbləği nəzərdə tutulmuş olmasın.
Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş
dəbbə pulunun (cərimənin, peniyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin
verilməsi, onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir.
6. İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların, istehlakçının təqsiri
ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.
7. İstehlakçının, bu maddənin 2-ci və 5-ci bəndlərində nəzərdə tutulmuş tələbləri işin
(xidmətin) yerinə yetirilməsi gedişində istehlakçı tərəfindən qəbul edilməsi zamanı,
habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar aşkar
edilərkən irəli sürülə bilər.
Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən,
istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün
müqavilədə müəyyən edilmiş müddətdən hesablanır.
8. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə
istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və
xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın)
dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir.
9. İcraçı əşyanın (materialın) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən xüsusi
xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi
əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə icraçı
məsuliyyətdən azad edilmir.
İcraçının iş görmək və xidmət göstərmək üçün qəbul etdiyi əşyanın (materialın) dəyərini
istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir.
10. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya
əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların, cihazların,
alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına,
sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onların xassələrini bilib-bilmədiyindən
asılı olmayaraq məsuliyyət daşıyır.
Maddə 10. İstehlakçıların malların (işlərin, xidmətlərin) təhlükəsiz
olmasına hüquqları
1. İstehlakçı qanunla nəzərdə tutulmuş hallarda malların, məmulatların və məlumat
materiallarının nəzarət markası ilə markalanmasının təmin olunması hüququna malikdir.
Malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanması
həmin obyektlərin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını,
satışı üçün müvafiq dövlət orqanından razılıq alınması tələb olunduqda belə razılığın
alınmasını, həmin nüsxələri yaymaq hüququnun verildiyini təsdiq edir.
Nəzarət markası ilə markalanma tələbi istehlakçıların təhrif edilməmiş və dəyişikliyə
məruz qalmamış, müəyyən edilmiş əxlaqi və mənəvi dəyərlərə uyğun hazırlanmış
mallardan, məmulatlardan və məlumat materiallarından istifadə hüququnun təmin
edilməsinə xidmət edir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Aşağıdakıların nəzarət markası ilə markalanması tələb olunur:
dərman vasitələri;
audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat
toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq
obyektləri;
dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video
materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat
materialları.
Satıcı (istehsalçı, icraçı) istehlakçıya qanunla nəzərdə tutulmuş hallarda nəzarət markası
ilə markalanmış malları, məmulatları və məlumat materiallarını verməlidir. Nəzarət
markası ilə markalanmamış malların, məmulatların və məlumat materiallarının
yayılmasını həyata keçirən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
2. İstehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının,
saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün
təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması
hüququna malikdir.
Əgər istifadə edilməsi vətəndaşların həyatına, sağlamlığına və əmlakına, habelə, ətraf
mühitə zərər vura bilən mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən
normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları belə normativ
sənədlərin təxirəsalınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, icraçı
tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal
dayandırmalıdır.
3. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi, istehlakçıların həyatına, sağlamlığına,
onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara
(işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir.
İstehsalçı (icraçı) bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini
göstərməyə borcludur.
4. Malın (işin, xidmətin) təhlükəsiz istifadə edilməsi və ya daşınması, saxlanılması üçün
xüsusi qaydalara əməl olunması zəruridirsə, onda istehsalçı (icraçı) belə qaydaları
müəyyənləşdirməli, satıcı (icraçı) isə bunları istehlakçının nəzərinə çatdırmalıdır.
5. Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı,
sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən
edildiyi mallar (işlər, xidmətlər), qüvvədə olan qanunvericiliyə əsasən məcburi
sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat
olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq
və istifadə etmək qadağandır.
Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün
gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya
da tanınmış uyğunluq sertifikatı əsas verir.
Bu bənddə nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təhlükəsiz olması barədə
tələblərin pozulmasına görə məsuliyyət, bu Qanunla və digər qanunvericilik aktları ilə
müəyyən edilir.
6. İstehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması
qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına,
sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə,
istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan
qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və
istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir.
Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları
(işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri
almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri,
xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq
haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul
etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün
yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər.
Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri
istehsalçı (icraçı) tam həcmdə ödəməlidir.
7. Bu maddənin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş tələblər pozulduqda, malların
keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqanların qərarı ilə istehsalçı (icraçı)
həmin qaydalar pozulmaqla satılmış mallardan əldə etdiyi gəliri Dövlət büdcəsinə
köçürür.
8. Yeni (modernləşdirilmiş) mal (iş, xidmət) hazırlanarkən istehsalçı, vətəndaşların
həyatının, sağlamlığının, əmlakının, həmçinin ətraf mühitin təhlükəsizliyi tələblərinə
cavab verməsini təsdiq etmək və dövlət ekspertizasından keçirmək üçün, həmin malın
normativ sənədlərini müvafiq orqana təqdim etməlidir.
9. İstehsalçı (icraçı) malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər (risk) və təhlükəsiz
istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsi ilə istehlakçıya
məlumat verməyə borcludur.
Maddə 11. Lazımi keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu
zərərə görə əmlak məsuliyyəti
Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində
istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha
yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam
ödənilməlidir.
Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda
yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin
digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
Maddə 12. Mənəvi ziyanın ödənilməsi
İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən
pozularsa istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən
ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən
edilir.
Maddə 13. İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq
hüququ
1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak
xassələri ( ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi,
sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı),
əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi,
saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və
düzgün məlumat verməlidir.
Satıcı ( icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət
növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların
üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də
olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki
etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə
yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin,
xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki
sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya
ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır.
3. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya
coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı,
mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış
mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin
hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri
hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər)
üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir.
4. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın
verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb
olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ
vardır.
5. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun
reklamı qadağandır.
6. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan
zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir.
7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam
nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə
etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin
olmaması ehtimalı əsas götürülməlidir.
8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq
üçün şərait yaradır.
Maddə 14. Ticarət və başqa xidmət növləri sahələrində istehlakçıların
hüquqları
1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının
ödənilməsində bərabər hüquqa malikdir.
Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına
üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına
yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və
digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə
müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.
2. İstehlakçı, satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan
vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir.
İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının
(icraçının) borcudur.
İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət
göstərilməsinə məcbur etmək qadağan edilir.
3. Satıcı (icraçı), istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə
düzgün və başa düşülən məlumat verməlidir.
4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini
yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna
malikdir. Belə hallarda satıcı, istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın
qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin
itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini
aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının
hesabına aparılır.
5. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna
malikdir.
6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa,
satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 15. İstehlakçının tələblərini ödəməyən malın lazımi keyfiyyətli
mala dəyişdirmək hüququ
1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə
istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə,
istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi
keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi
üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.
İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun
əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi
və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə
bilər.
Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
2. Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən
hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində
pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna
malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən
istehlakçıya məlumat verməlidir.
Maddə 16. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin
etibarsızlığı
Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını
məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını
məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar
təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.
İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə
üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş
zərərin ödənilməsi hüququna malikdir.
III fəsil. İstehlakçıların hüquqlarının müdafiəsi
Maddə 17. Ticarət və başqa xidmət növləri haqqında qaydalar
Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa
və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə
hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən
xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POSterminallar quraşdırılmalıdır.
POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə
POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Bu maddənin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması
Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti
18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin,
işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə
özündə aşağıdakı tələbləri ehtiva edir:
18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən
yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının,
saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik
standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini;
18.0.2. malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və
satışına xüsusi razılıq (lisenziya) verilməsini;
18.0.3. məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin)
müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq
nişanlarının verilməsini;
18.0.4. dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan
şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti;
18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq
müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar
verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar
tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını;
18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək təsdiq olunmuş maddi və
mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklamçı) alıcıya
(istehlakçıya) ödənilməsini;
18.0.7. insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların
(xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını;
18.0.8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən
beynəlxalq təşkilatlarla əməkdaşlığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq
şəraitin yaradılmasını.
Maddə 19. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət
müdafiəsi
19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni
maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına
və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət
formasında həyata keçirilir.
19.2. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını
yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı:
19.2.1. istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin)
müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluğunu
müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları
verir;
19.2.2. məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin, işlərin)
siyahısını müəyyənləşdirir və onların sertifikatı olmadan satışının (icrasının)
qarşısını alır və ticarət dövriyyəsindən çıxarır;
19.2.3. müvafiq standartların, texniki şərtlərin tələblərinə cavab verməyən,
insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların
(xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır;
19.2.4. mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət
dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq
qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər
görür;
19.2.5. istehsalı, idxalı və satışı qadağan olunmuş mallar (xidmətlər, işlər) barədə
əhaliyə vaxtında məlumat vermək məqsədi ilə kütləvi informasiya vasitələrində
məlumatlar dərc edir və yayır;
19.2.6. satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və
təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında
ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq
tədbirlər görür. Həmin nümunələrin dəyəri və ekspertizanın (sınağın) keçirilməsi
xərcləri yoxlanılan təsərrüfat subyekti tərəfindən ödənilir və onun istehsaltəsərrüfat xərclərinə aid edilir;
19.2.7. ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və
ətraf mühit üçün təhlükə yarada bilən malların qablaşdırılarkən sanitar-gigiyena
və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə
olunmasına nəzarət edir;
19.2.8. patentləşdirilmiş dərman vasitələrinin, insanların sağlamlığı və ətraf
mühit üçün təhlükə yarada bilən malların təhlükəsiz istifadə qaydaları barədə
xəbərdarlıq olmadan satışının qarşısını alır;
19.2.9. saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların
istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə
tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir;
19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq
etdiyi, yaxud istehsalçı tərəfindən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət
edir;
19.2.11. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış zərgərlik
məmulatlarının müvafiq qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına
riayət olunmasına nəzarət edir;
19.2.12. satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması,
mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə
alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə
müvafiq tədbirlər görür;
19.2.13. malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul
olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır;
19.2.14. satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi,
nomenklaturunun və çeşidinin genişləndirilməsi barədə təkliflər hazırlayır və
müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
Maddə 20. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə yerli icra
hakimiyyəti orqanlarının vəzifələri
Yerli icra hakimiyyəti orqanları istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq
orqanları yarada bilərlər. İcra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının
müdafiəsi üzrə müvafiq orqanları:
istehlakçıların şikayətlərinə baxır, onların qanunvericiliklə nəzərdə tutulmuş
hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhət verir;
istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədilə
satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar arasında bağlanan müqavilələri
təhlil edir;
istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında
məlumat toplayır və onu aidiyyatı üzrə səlahiyyətli orqanlara göndərir;
istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar
(işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə də malların (işlərin,
xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq dövlət icra
hakimiyyəti orqanlarına xəbər verir;
istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə öz təşəbbüsü və ya istehlakçının
(istehlakçılar ittifaqının) müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra
bilər.
Maddə 21. İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti
daşıyırlar.
Maddə 22. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət
icra hakimiyyəti orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin,
həmçinin, bu şəxslərin hərəkətlərinə dair şikayətlərə baxılması
İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti
orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin, həmçinin, bu şəxslərin hərəkətlərinə
qarşı şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır.
İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti
orqanlarının, onların vəzifəli şəxslərinin, qərarlarının yerinə yetirilməsi, həmçinin bu
şəxslərin hərəkətlərinin icrası şikayətin verilməsi ilə dayandırılmır.
Maddə 23. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət
icra hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə əlaqəsi
Hüquq-mühafizə orqanlarının işçiləri, istehlakçıların hüquqlarının müdafiəsini həyata
keçirən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə öz vəzifələrinin yerinə
yetirilməsində köməklik göstərir və bu işlərin görülməsində onlara maneçilik törədən
vətəndaşların qanunsuz hərəkətlərinin qarşısını alırlar.
Maddə 24. Azərbaycan Respublikasında istehlakçıların hüquqlarını
müdafiə edən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin
hüquqi müdafiəsi
İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının vəzifəli şəxslərinin və
mütəxəssislərinin hüquqları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları
əsasında təmin edilir.
Onların vəzifələrinin yerinə yetirilməsinə mane olmaq və ya hər hansı şəkildə təsir
göstərmək, habelə işlərinə müdaxilə etmək qadağandır.
Belə hərəkətlərə yol verən orqanlar, vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 25. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət
icra hakimiyyəti orqanları tərəfindən tətbiq edilən sanksiyalar
1. Azərbaycan Respublikasında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən
dövlət icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində istehlakçıların
hüquqlarının müdafiəsi haqqında qanunvericiliyi pozduğuna görə günahkar şəxslərə
aşağıda göstərilən sanksiyaları tətbiq edirlər:
bu qanunun 7-ci maddəsinin birinci bəndində müəyyən edilmiş istehlakçıların
hüquqlarının yerinə yetirilməsindən imtina etdikdə - bu malın dəyərinin beş misli
həcmində;
istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması haqqında müvafiq
dövlət orqanının icrası məcburi olan göstərişi yerinə yetirilmədikdə - vurulmuş
zərəri ödəməklə onun həcmi miqdarında, bu zərəri müəyyən etmək mümkün
olmadıqda minimum əmək haqqının 100 mislinədək;
normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına,
işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - satılmış malların,
yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 25 faizi miqdarında;
məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış malların satılması,
işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsinə görə - satılmış malların,
yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 25 faizi miqdarında;
standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanın
həyatı, sağlamlığı və əmlakı və həmçinin ətraf mühit üçün təhlükəli məhsulun
(işin, xidmətin) buraxılması (görülməsi) və satılması üçün - buraxılmış
(görülmüş) və satılmış məhsulun qiymətinin 100 faizi miqdarında;
insanların həyatının, sağlamlığının və əmlakının və ətraf mühitin təhlükəsizliyinə
dair Azərbaycan Respublikasında qüvvədə olan standartların, digər normativ
sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malın satılmasına görə -
satılmış malların qiymətinin 50 faizi miqdarında;
buraxılması və satılması qadağan olunmuş malların satılması, işlərin yerinə
yetirilməsi, xidmətlərin göstərilməsinə görə - satılmış malların, yerinə yetirilmiş
işlərin, göstərilmiş xidmətlərin qiymətinin 100 faizi miqdarında;
lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və
şəraiti barədə məlumat vərəqi olmadan satılan təhlükəli mallara (zəhərlər, kimyəvi
preparatlar, partlayıcı və yanğın təhlükəli maddələr və s.) görə - satılmış malların
qiymətinin 50 faizi miqdarında;
nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə
görə - satılmış malların, görülmüş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 100
faizi miqdarında;
malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarının sertifikatlaşdırma
üzrə orqan və sınaq laboratoriyaları (mərkəzləri) tərəfindən pozulmasına görə -
sertifikatlaşdırma üzrə işlərin qiymətinin 2 misli miqdarında, istehsalçı (icraçı,
satıcı) tərəfindən pozulmasına görə isə - sertifikatlaşdırma qaydası pozulmaqla
satılmış malların (işlərin, xidmətlərin) qiyməti miqdarında.
Sertifikatlaşdırma üzrə müəssisə və orqanların rəhbərləri yuxarıda göstərilmiş
pozuntulara görə məsuliyyət daşıyır və vəzifə maaşının 3 misli miqdarında cərimə
olunurlar.
Bu maddədə nəzərdə tutulmuş cərimənin ödənilməsi istehsalçını (icraçını, satıcını)
standartların, normaların, qaydaların pozulması, müqavilə şərtlərinin yerinə yetirilməməsi
nəticəsində istehlakçılara dəymiş ziyanın ödənilməsindən azad etmir.
2. Cərimələrin 50 faizi dövlət büdcəsinə, 35 faizi yerli büdcəyə, 15 faizi isə cəriməni
tətbiq edən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət orqanlarının hesabına
köçürülür.
3. Malların (işlərin, xidmətlərin) istehsalçıları (icraçıları, satıcıları) istehlakçıların
hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları göstərişlərinin tamamilə, yaxud
qismən etibarsız sayılması, ya da cərimə qoyulması haqqında qərarın ləğvi, yaxud
dəyişdirilməsi barədə məhkəməyə, arbitraj məhkəməsinə müraciət etmək hüquqları
vardır.
Verilmiş ərizəyə məhkəmə, yaxud arbitraj məhkəməsi tərəfindən baxıldığı dövrdə
məhkəmə, yaxud arbitraj məhkəməsi göstərilən aktların icrasının dayandırılması
haqqında qərar çıxarmayıbsa, göstərişlər və cərimə qoyulması haqqında qərarlar
dayandırılmır.
Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının
müdafiəsi
İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə
həyata keçirir.
İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş
mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.
İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə, dövlət rüsumu
verməkdən azad edilirlər.
IV fəsil. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar
birliyi)
Maddə 27. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar birliyi) və
onların hüquqları
1. Azərbaycan Respublikasının vətəndaşları, öz qanuni hüquqlarının müdafiəsi üçün
könüllülük əsasında birləşib istehlakçıların ictimai təşkilatlarını (istehlakçılar birliyini)
yaratmaq hüququna malikdirlər.
İstehlakçılar birliyi ictimai təşkilat olub, öz fəaliyyətini müvafiq qanunvericilik əsasında
həyata keçirir.
2. İstehlakçılar birliyi:
malların istehlak xassələrini, ona olan tələbatı, istehsal olunan və satılan malın
keyfiyyətinə və qiymətinə dair ictimai fikri öyrənmək;
malların (işlərin, xidmətlərin) ekspertizasını və sınağını aparmaq üçün müvafiq
dövlət nəzarət orqanlarına müraciət etmək;
müvafiq icra hakimiyyəti orqanlarından və təsərrüfat subyektlərindən öz məqsəd
və niyyətlərini həyata keçirmək üçün lazımi məlumat almaq;
malların (işlərin, xidmətlərin) keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə
nəzarət etməkdə müvafiq dövlət orqanlarına kömək göstərmək;
istehlakçılara, qanunvericiliyə uyğun hüquqi məsləhətlər verilməsini təşkil etmək;
malın (işin, xidmətin) keyfiyyətinə aid tələbləri müəyyənləşdirən normativ
sənədlərin hazırlanmasına dair təklif və rəy vermək;
qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları qarşısında,
istehlakçıların maraqları haqqında məsələ qaldırmaq və onu müdafiə etmək;
malın (işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması və qiymətqoyma
qaydalarına əməl edilməsi, müəyyənləşdirilmiş keyfiyyət tələblərinə uyğun
gəlməyən malın (işin, xidmətin) satışının müvəqqəti dayandırılması, vətəndaşların
həyatı, sağlamlığı və əmlakı, ətraf mühit üçün təhlükəli olan malın (işin,
xidmətin) istehsalının dayandırılması, satışdan götürülməsi, əsassız artırılmış
qiymətlərlə məhsul satışının dayandırılması, habelə mövcud qanunvericiliyi
pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi tədbirləri barəsində
müvafiq icra hakimiyyəti orqanlarına, müəssisələrə və təşkilatlara təkliflər
vermək;
istehlakçıların ictimai təşkilatlarının (istehlakçılar birliyinin) üzvü olmayan
vətəndaşların, qanunvericiliyə uyğun olaraq, hüquqlarını məhkəmədə müdafiə
etmək;
keyfiyyətsiz malın (işin, xidmətin) istehsalında və satışında təqsiri olan şəxslərin
məsuliyyətə cəlb edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət
etmək;
istehlakçıların hüquqları haqqında ictimaiyyətə məlumat vermək;
istehlakçıların hüquqlarının müdafiəsi haqqında beynəlxalq əməkdaşlığın
inkişafına kömək göstərmək hüququna malikdir.
Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 19 sentyabr 1995-ci il
№ 1113
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 mart 1996-cı il, № 59)
(«VneshExpertService» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1995-ci il, №
23, 24, maddə 368) («VneshExpertService» LLC).
5 oktyabr 2001-ci il tarixli, 183-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD
nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 193-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli,
311-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 5 dekabr 2003-cü il
tarixli, 538-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 10 iyun
2005-ci il tarixli, 925-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli;
17 aprel 2007-ci il tarixli, 315-IIQD nömrəli; 30 sentyabr 2011-ci il tarixli, 205-IVQD
nömrəli; 29 iyun 2012-ci il tarixli, 415-IVQD nömrəli; 30 sentyabr 2014-cü il tarixli,
1037-IVQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə